İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində tarixçilər və elm adamlarından ibarət Qlobal Şəbəkənin görüşü olmuşdur

 

Mayın 31-də Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində  tarixçilər və elm adamlarından ibarət Qlobal Şəbəkənin görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Avropa Şurası Şimal-Cənub Mərkəzi icraçı direktorunun müavini Roman ÇLAPAK forumun əhəmiyyətindən, tarixin tədrisində qazanılmış təcrübələrin və uğurların paylaşılmasında onun rolundan danışmışdır.

Forum çərçivəsində bir sıra mühüm tədbirlərin keçirildiyini vurğulayan  R.Çlapak bildirmişdir ki, tarixçiləri və elm adamlarını ətrafında birləşdirən Qlobal Şəbəkənin  görüşünü bir gün əvvəl keçirilmiş, tarixin tədrisinə həsr olunmuş işçi sessiyanın davamı hesab etmək olar. Qeyd edilmişdir ki, tədbirdə Qlobal Şəbəkənin fəaliyyəti tarixçilərdən ibarət kiçik qruplarda müzakirə olunacaqdır.

R.Çlapak  Qlobal Şəbəkənin görüşündə müzakirə olunan bir sıra vacib məsələlərin mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edəcəyinə əminliyini bildirmişdir. 

Avropa Tarix Müəllimləri Assosiasiyasının baş direktoru Steven STEGERS Qlobal Şəbəkə haqqında ətraflı məlumat vermişdir.

Bildirmişdir ki, Qlobal Şəbəkə 2009-cu ildə Avropa Şurasının Şimal-Cənub Mərkəzi ilə əməkdaşlıq çərçivəsində yaradılmışdır. Bu, Avropa Şurasının tarixin tədrisi üzrə bölməsidir və dünyanın müxtəlif yerlərində tarixin təhrif olunmasına qarşı səmərəli iş aparır. Dünyanın bir sıra ölkələrindən olan tarixçiləri və elm adamlarını bir araya gətirən  qurumun fəaliyyətində müzakirələrə böyük əhəmiyyət verilir.

S.Stegers görüşdə rəhbərlik etdiyi qurumun gələcək fəaliyyəti, strukturu, görəcəyi işlər barədə dəyərli fikirlərin səslənəcəyinə ümidvar olduğunu bildirmişdir.

Sonra iştirakçılar qruplar şəklində Qlobal Şəbəkənin fəaliyyəti,   tarixin tədrisində qarşıya çıxan çətinliklər  və digər məsələlər ətrafında   müzakirələr aparmışlar.

Müzakirələrdə Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər CƏFƏROV, Xarici İşlər Nazirliyinin  əməkdaşı Cavanşir MƏMMƏDOV, Avropa Tarix Müəllimləri Assosiasiyasının icraçı direktoru xanım Yok van der LYU-ROD, Avropa Şurasının eksperti Brayan KARVEL, Livandakı Adyan Fondunun sədri Fadi DAOU,  Fələstinin Betlehem Universitetinin professoru Sami ADVAN, Ukrayna Tarix və Sosial  Tədqiqatlar Assosiasiyasının nümayəndəsi Polina VERBİTSKA, mərakeşli professor Mustafa HƏSƏNİ İDRİSİ, Berlində fəaliyyət göstərən Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria AUX  və başqaları çıxış edərək Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və burada müzakirə olunan mövzuların əhəmiyyətindən danışmış,  bu möhtəşəm tədbirin  təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Çıxış edənlər əminliklə vurğulamışlar ki, Bakıda artıq ikinci dəfə keçirilən  forum mütəmadi xarakter alacaq və mədəniyyətlərarası dialoqun genişlənməsinə öz töhfəsini  verəcəkdir.

 

Azərbaycan.-2013.- 1 iyun.- S.8.